“CPM-İnvest İnvestisiya Şirkəti” ASC cəmiyyətin həssas qruplarına diqqət və qayğı prinsiplərinə sadiq qalaraq növbəti korporativ sosial məsuliyyət (KSM) layihəsində iştirak edib. Şirkətimiz ölkədə ilk dəfə keçirilən və böyük maraqla qarşılanan “Təbiətin Dostları Festivalı”na rəsmi dəstək göstərərək xüsusi qayğıya ehtiyacı olan uşaqların yanında olub.
“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun birgə təşkilatçılığı ilə baş tutan bu unikal tədbir autizm spektr pozuntusu olan uşaqlar və onların valideynlərini bir araya gətirib.
Festival çərçivəsində uşaqların sosial, emosional və zehni inkişafını dəstəkləyən müxtəlif interaktiv fəaliyyətlər təşkil olunub. Təbiət qoynunda keçirilən tədbirdə uşaqlar ekoloji təşəbbüslərə qoşularaq quşlar və digər heyvanlar üçün xüsusi evciklər hazırlayıb, onları rəngləyərək ətraf mühitin qorunmasına öz töhfələrini veriblər.
Onlar həmçinin ətraf aləmin gözəlliklərini bəzəyən çərpələngləri mavi səmada dalğalandırıb, dünyaya sülh, sevgi və xoşbəxtlik mesajı yayan ağ göyərçinləri saf arzularıtək göylərə ucaldıblar.
Layihənin proqramına həmçinin açıq hava şəraitində təşkil olunan yoqa sessiyası, uşaqların öz bacarıq və istedadlarını nümayiş etdirdiyi rəngarəng konsert proqramı və rəqs nömrələri daxil edilib. Tədbirin sonunda mavi səmada uçurulan rəngarəng çərpələnglər və sülhün rəmzi olan ağ göyərçinlər uşaqlara unudulmaz anlar yaşadıb.
Həssas qruplardan olan uşaqların cəmiyyətə inteqrasiyasına, onların sosial bacarıqlarının inkişafına, empatiya və məsuliyyət hissinin formalaşmasına xidmət edən bu layihəyə göstərdiyi dəstəyə görə “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Nəriman Hadiyev təşkilatçılar tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunub.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC olaraq hesab edirik ki, sosial məsuliyyət cəmiyyət qarşısında daşıdığımız dəyərlərin ayrılmaz hissəsidir. Bu səbəbdən şirkətimiz gələcəkdə də həssas qrupların dəstəklənməsinə, sosial rifahın yüksəldilməsinə və inklüziv cəmiyyətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edəcəkdir.